Tovuzda təhsildə keyfiyyətə töhfə: direktor müavinləri üçün səmərəli təlim keçirildi

Tovuzda təhsildə keyfiyyətə töhfə: direktor müavinləri üçün səmərəli təlim keçirildi

Tovuz rayonunda təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində daha bir əhəmiyyətli təşəbbüs reallaşdırılıb. Rayon üzrə təhsil sektorunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərində fəaliyyət göstərən tədris işləri üzrə direktor müavinləri üçün “Hesabatlılıq prosesinin sadələşdirilməsi və sistemli şəkildə həyata keçirilməsi” mövzusunda geniş və əhatəli təlim keçirilib.

Təlim Adil Qasımov adına tam orta ümumtəhsil məktəbində təşkil olunub və Elşad Orucov adına Bayramlı kənd tam orta ümumtəhsil məktəbinin tədris işləri üzrə direktor müavini Emin Mədədov tərəfindən keçirilib. Tədbir zamanı iştirakçılara müasir təhsil idarəçiliyində mühüm yer tutan hesabatlılıq mexanizmlərinin düzgün qurulması, bu prosesdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadə imkanları, eləcə də elektron təhlil üsulları barədə ətraflı məlumat verilib. Xüsusilə, məlumatların sistemli şəkildə toplanması, emalı və nəticələrin effektiv analiz olunması istiqamətində praktiki yanaşmalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təlimin əsas məqsədi məktəblərdə idarəetmə prosesinin daha çevik və şəffaf təşkilinə nail olmaq, hesabatlılıq sahəsində vahid və sistemli yanaşmanın formalaşdırılması olub. Bu baxımdan təqdim olunan bilik və bacarıqların məktəblərdə tətbiqi tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək mühüm amillərdən biri kimi dəyərləndirilib.

Tədbir iştirakçıları bu cür təlimlərin son dərəcə vacib və faydalı olduğunu vurğulayaraq, onların davamlı şəkildə keçirilməsinin zəruriliyini xüsusi qeyd ediblər. Bildirilib ki, bu tip tədbirlər həm idarəetmə bacarıqlarının inkişafına, həm də ümumilikdə təhsil sistemində səmərəliliyin artırılmasına xidmət edir. İştirakçılar eyni zamanda Tovuz rayon təhsil sektorunun rəhbərliyinə belə təşəbbüslərin mütəmadi olaraq həyata keçirilməsinə görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Tovuz rayon təhsil sektoru tərəfindən bu kimi maarifləndirici və inkişafyönümlü tədbirlərin davamlı şəkildə təşkili təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu yanaşma regionda təhsilə olan diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, gələcəkdə daha yüksək nəticələrin əldə olunmasına da zəmin yaradır.


Oxşar xəbərlər