Yuxarı Öysüzlü kənd 1 nömrəli körpələr evi-uşaq bağçası: balacaların sağlam inkişafına xidmət edən nümunəvi məktəbəqədər təhsil ocağı
Yuxarı Öysüzlü kəndi ərazisində fəaliyyət göstərən 1 nömrəli körpələr evi-uşaq bağçası kənddə məktəbəqədər təhsilin təşkilində mühüm rol oynayan təhsil müəssisələrindən biridir. Uzun illərdir fəaliyyət göstərən bu bağça bölgədə yaşayan uşaqların erkən inkişafına, onların sosial və intellektual bacarıqlarının formalaşmasına töhfə verir.
Müəssisə 1989-cu ildən fəaliyyət göstərir və bu müddət ərzində yüzlərlə uşağın ilk təhsil və tərbiyə aldığı məkan kimi tanınıb. Hazırda bağçaya Axundova Çiçək Zakir qızı rəhbərlik edir. O, 2017-ci ildən etibarən direktor vəzifəsində çalışır və məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Bağçada hazırda 3 qrup fəaliyyət göstərir. Müəssisə 55 uşaq yerlik olmaqla nəzərdə tutulub və hazırda burada 49 uşaq tərbiyə alır. Uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, onların məktəbə hazırlıq səviyyəsinin artırılması məqsədilə təlim-tərbiyə prosesi planlı şəkildə təşkil olunur.
Təhsil müəssisəsində uşaqların hərtərəfli inkişafını təmin etmək üçün peşəkar heyət fəaliyyət göstərir. Bağçada 5 nəfər pedaqoji işçi, 1 musiqi müəllimi və 1 tibb bacısı çalışır. Bununla yanaşı, müəssisədə 6 texniki işçi də fəaliyyət göstərir ki, onlar bağçanın gündəlik işinin səmərəli təşkili və uşaqlar üçün rahat mühitin yaradılması istiqamətində mühüm rol oynayırlar.
Bağçada uşaqların sağlamlığına və düzgün qidalanmasına da xüsusi diqqət yetirilir. Belə ki, gün ərzində balacalar 3 dəfə təbii və sağlam qida ilə təmin edilirlər. Bu isə onların fiziki inkişafının və sağlam böyüməsinin təmin olunmasına xidmət edir.
Bağçanın direktoru Axundova Çiçək Zakir qızı müsahibə zamanı bildirib ki, dövlətin məktəbəqədər təhsil müəssisələrinə göstərdiyi qayğı olduqca mühüm əhəmiyyət daşıyır:
“Dövlət qayğısı bizim üçün çox önəmlidir. Biz bu qayğını hər zaman hiss edirik və buna görə dövlət başçısına öz təşəkkürümüzü bildiririk.”
Direktor eyni zamanda qeyd edib ki, bağçanın fəaliyyətinin səmərəli təşkili üçün aidiyyəti qurumların dəstəyi də böyük rol oynayır. Onun sözlərinə görə, Qazax‑Tovuz Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilən düzgün nəzarət mexanizmi və göstərilən dəstək bağçanın fəaliyyətinin daha da inkişaf etməsinə imkan yaradır. Bununla yanaşı, Tovuz rayonu üzrə təhsil sektorunun da daim diqqət və dəstək göstərdiyi vurğulanıb.
Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələri uşaqların gələcək təhsil həyatının təməlini qoyan ən vacib mərhələlərdən biridir. Bu baxımdan Yuxarı Öysüzlü kəndi ərazisində fəaliyyət göstərən 1 nömrəli körpələr evi-uşaq bağçası da kənddə yaşayan uşaqların sağlam, savadlı və sosial cəhətdən aktiv vətəndaş kimi formalaşmasına öz töhfəsini verməyə davam edir.
Çəkiliş üçün yaradılan şəraitə görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə və Tovuz rayon Təhsil sektoruna təşəkkürümüzü bildiririk