“Kristal TV xəbər verir ki,” son illərdə uğurları ilə diqqət çəkən Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbi bu gün bölgənin nümunəvi təhsil ocaqlarından birinə çevrilib. 1965-ci ildə istifadəyə verilən 624 şagird yerlik məktəb binası 2023-cü ilin დეკabr ayından əsaslı təmirə bağlanmış, 2025–2026-cı tədris ilindən yenidən müəllim və şagirdlərin ixtiyarına verilib. Eyni zamanda məktəb üçün 522 şagird yerlik yeni korpusun tikintisi də tam başa çatdırılıb.
Hazırda məktəbdə 1192 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 79 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Məktəbin direktoru İbrahimov Ruslan Akif oğlu 2023-cü ildən bu vəzifədə çalışır və onun rəhbərliyi dövründə məktəbin tədris mühiti, nizam-intizamı və uğurları daha da yüksəlib. Məktəbdə sağlam idarəçilik, müəllim-şagird münasibətlərinin yüksək səviyyədə qurulması və təhsilin keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görülür.
2025–2026-cı tədris ilində məktəbin XI siniflərini 63 şagird bitirir. Onlardan 30 nəfərinin ali təhsil müəssisələrinə qəbul olunacağı proqnozlaşdırılır ki, bu da məktəbdə aparılan keyfiyyətli tədrisin göstəricilərindən biridir.
Məktəbdə yalnız tədris deyil, şagirdlərin milli-mənəvi dəyərlər ruhunda formalaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, 5 may tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın doğum gününə həsr olunmuş mütaliə günü keçirilib. Şagirdlər məktəbin kitabxanasında bir araya gələrək şairin həyat və yaradıcılığı ilə yaxından tanış olub, onun vətənpərvərlik ruhunda yazılmış şeirlərini mütaliə ediblər. Tədbir şagirdlərdə ədəbiyyata marağın artırılması və milli irsimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.
Məktəbin şagirdləri müxtəlif respublika əhəmiyyətli müsabiqə və olimpiadalarda da uğurla iştirak edirlər. Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Təhsil İnstitutunun dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə keçirilən “STEAM’ool” olimpiadasında məktəbin 6 “Q” sinif şagirdi Aylin Tağıyeva və 7 “Q” sinif şagirdi Nigar Tanrıverdili yüksək nəticə göstərərək ikinci mərhələyə vəsiqə qazanıblar.
Bundan başqa, məktəbin şagirdləri “Mənim İrsim Danışır” respublika müsabiqəsində də fəal iştirak edərək sertifikatlarla təltif olunublar. 7 “Q” sinif şagirdləri Nigar Tanrıverdili, Əkbər Tağıyev, Tuncay Məmmədli və 5 “B” sinif şagirdi Banuçiçək Qarayeva əldə etdikləri uğurlarla məktəbin adını bir daha yüksəldiblər. Məktəb rəhbərliyi şagirdlərlə görüşərək onların nailiyyətlərini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məktəbin direktoru İbrahimov Ruslan Akif oğlu bildirib ki, təhsil müəssisəsinin son illərdə qazandığı uğurların əsasında kollektivin əməyi ilə yanaşı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşəbbüsü, diqqəti və davamlı dəstəyi dayanır. Direktor vurğulayıb ki, məktəbdə həyata keçirilən yeniliklər, tədris keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər Regional Təhsil İdarəsinin dəstəyi sayəsində daha uğurla icra olunur. O, göstərilən diqqətə görə təşəkkürünü ifadə edərək gələcəkdə də daha böyük nailiyyətlər əldə ediləcəyinə inandığını bildirib.
Sonda Kristal TV olaraq göstərilən diqqət və dəstəyə görə Qazax-Tovuz Regional Təhsil İdarəsinə, Şəmkir Şəhər Təhsil Sektorunun rəhbərliyinə, eləcə də Qazax-Tovuz Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsinin məsul əməkdaşı Nağıyeva Səfagül Ədalət qızına təşəkkür edir, təhsilimizin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərdə uğurlar arzulayırıq.