Tovuz məktəbləri arasında örnək əməkdaşlıq – Təhsil və idmanda birlik nümunəsi

Tovuz məktəbləri arasında örnək əməkdaşlıq – Təhsil və idmanda birlik nümunəsi

Tovuz rayonunda yerləşən Qasım Rzayev adına Hacıalılı kənd tam orta ümumtəhsil məktəbi öz uğurlu fəaliyyəti, şagirdyönümlü təşəbbüsləri və məktəblərarası əməkdaşlığa verdiyi töhfələrlə diqqət çəkməyə davam edir. Məktəbdə həyata keçirilən layihələr, təşkil olunan tədbirlər və təhsil prosesinə göstərilən xüsusi yanaşma həm pedaqoji kollektiv, həm valideynlər, həm də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Kristal TV xəbər verir ki, əməkdaşlıq layihəsi çərçivəsində məktəbin psixoloqunun iştirakı ilə növbəti əhəmiyyətli görüş keçirilib. Görüş zamanı fəaliyyət planına uyğun olaraq görülən işlər geniş şəkildə təhlil olunub, həyata keçirilən tədbirlərin nəticələri müzakirə edilib və qarşıda duran əsas hədəflər müəyyənləşdirilib. Xüsusilə risk qrupuna daxil olan şagirdlərlə aparılan işin təşkili, onların psixoloji dəstəklə təmin olunması, sosial adaptasiyasının gücləndirilməsi və təhsilə marağının artırılması istiqamətində vacib məqamlar diqqət mərkəzində saxlanılıb.

Eyni zamanda istedadlı şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsi, onların müxtəlif sahələrdə uğur qazanması üçün əlavə imkanların yaradılması barədə fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları qeyd ediblər ki, şagirdlərin sağlam psixoloji mühitdə formalaşması və onların gələcək uğurları üçün məktəb, müəllim və valideyn əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Müzakirələr zamanı fəaliyyətin daha səmərəli təşkili üçün bir sıra təkliflər irəli sürülüb, məktəblərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, bu cür təşəbbüslər həm tədrisin keyfiyyətinə, həm də şagirdlərin sosial inkişafına mühüm töhfə verir.

Məktəbin uğurları yalnız pedaqoji sahə ilə məhdudlaşmır. Təhsil müəssisəsi idman sahəsində də fəallığı ilə seçilir. Belə ki, Hümbət Vəliyev adına Əlibəyli kənd tam orta ümumtəhsil məktəbi ilə Qasım Rzayev adına Hacıalılı kənd tam orta ümumtəhsil məktəbi arasında keçirilən futbol yarışı şagirdlər arasında böyük maraq və yüksək əhval-ruhiyyə yaradıb. Yarış rəqabətdən daha çox dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub.

Görüşün əsas məqsədi qalib müəyyən etmək deyil, məktəblər arasında birliyi möhkəmləndirmək, şagirdlər arasında sağlam ünsiyyət, komanda ruhu və idmana marağı artırmaq olub. Şagirdlərin nümayiş etdirdiyi birlik, qarşılıqlı dəstək və idman mədəniyyəti tədbirin ən yaddaqalan məqamlarından biri kimi qiymətləndirilib.

Bundan əlavə, məktəbdə tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər də ardıcıl şəkildə davam etdirilir. Bir neçə gün öncə 4-cü siniflərdə keçiriləcək monitorinqlərə hazırlıq məqsədilə tətil günlərində belə dərs məşğələlərinin təşkili şagirdlərin uğuru naminə göstərilən yüksək məsuliyyətin bariz nümunəsi kimi dəyərləndirilir. Müəllimlərin fədakar fəaliyyəti və şagirdlərin bilik səviyyəsinin daha da artırılması istiqamətində görülən işlər valideynlər tərəfindən də böyük razılıqla qarşılanır.

Qeyd edək ki, məktəbin direktoru  Rustemova Mehriban Faxreddin qızı müəssisəsində həyata keçirilən bütün təşəbbüslərin davamlı və sistemli şəkildə inkişaf etdirilməsi üçün mütəmadi olaraq müxtəlif işlər görür. Məktəbdə yaradılan sağlam təhsil mühiti, müəllim-şagird münasibətlərindəki qarşılıqlı hörmət və inkişaf yönümlü fəaliyyətlər kollektivin uğurunun əsas göstəricilərindən biri hesab olunur.

Bütün bu fəaliyyətlər onu göstərir ki, Qasım Rzayev adına Hacıalılı kənd tam orta ümumtəhsil məktəbi yalnız təhsil verməklə kifayətlənmir, eyni zamanda sağlam düşüncəli, sosial fəal və vətənpərvər gənclərin yetişməsi istiqamətində mühüm işlər həyata keçirir. Məktəbin qazandığı uğurların gələcəkdə daha da artacağına inam böyükdür.


Oxşar xəbərlər