Tovuzlu gənc beynəlxalq və respublika səviyyəli uğurları ilə diqqət mərkəzindədir
Kristal TV xəbər verir ki, Tovuz rayonunun istedadlı gənclərindən olan Teyyubzadə İbrahim İsmayıl oğlu həm akademik nailiyyətləri, həm də geniş ictimai fəaliyyəti ilə seçilən nümunəvi şagirdlərdəndir.
O, Tovuz rayonu Məharət Məmmədov adına Qovlar şəhər humanitar fənlər təmayüllü məktəb-liseyin qabaqcıl şagirdidir.
İbrahim Teyyubzadə Uşaq Səfirlər Məclisinin Tovuz üzrə nümayəndəsi kimi bölgə gənclərini uğurla təmsil edir. O, beynəlxalq arenada “NASA Space Apps Challenge” yarışmasının Türkiyə finalçısı olmuş, “Kings” Beynəlxalq Riyaziyyat Olimpiadasında isə qızıl medal qazanmışdır.
Eyni zamanda o, respublika səviyyəsində keçirilən “Ən Yaxşı Təqdimat” müsabiqəsinin qalibi olmuş, “Nə? Harada? Nə zaman?” intellektual oyununda final mərhələsinə yüksəlmiş, “STEAM Qazax-Tovuz Regional” yarışmasında isə 3-cü yerə layiq görülmüşdür.
Gənc istedad Lütfi Zadə, “Kenquru” və Respublika Fənn Olimpiadaları kimi nüfuzlu bilik yarışlarında da aktiv iştirak edərək yüksək nəticələr göstərmişdir.
İbrahim Teyyubzadənin təsis etdiyi “Azər Gen-G” gənclik təşkilatı Azərbaycan gəncliyini milli-mənəvi dəyərlər ətrafında birləşdirməyi, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin təbliğini və vətənpərvər gənclərin yetişdirilməsini əsas məqsəd kimi qarşıya qoyur.
Kristal TV olaraq İbrahim Teyyubzadəni qazandığı uğurlar münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq. Belə gənclər ölkəmizin parlaq gələcəyinin formalaşmasında mühüm rol oynayır.