Kristal TV-nin məlumatına görə, Qazax-Tovuz Regional Təhsil İdarəsində növbəti vətəndaş qəbulu təşkil olunub. Görüş vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciət və təkliflərinin yerində dinlənilməsi məqsədi daşıyıb.
Qəbul zamanı müraciət edən vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqavilələrinin müddətinin uzadılması, iş yerlərinin dəyişdirilməsi, eləcə də digər sosial və təşkilati məsələlərlə bağlı fikirlərini və problemlərini diqqətə çatdırıblar. Hər bir müraciət fərdi qaydada dinlənilib və aidiyyəti üzrə qeydlər aparılıb.
İdarə müdiri tərəfindən qaldırılan məsələlərə operativ baxılması üçün müvafiq struktur bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib. Bildirilib ki, hər bir müraciətin qanunvericiliyə uyğun şəkildə araşdırılması və mümkün həll yollarının qısa müddətdə təmin olunması əsas prioritetlərdəndir.
Qeyd olunub ki, bu cür qəbul günlərinin keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu artırmaq, təhsil sahəsində şəffaflıq və etimadı gücləndirmək, həmçinin idarəetmədə çevik və effektiv mexanizmlərin tətbiqini təmin etməkdir.
Qəbulda iştirak edən vətəndaşlar da görüşün təşkilini müsbət qiymətləndirərək, onların müraciətlərinə diqqətlə yanaşıldığını və problemlərinin dinlənilməsindən məmnun qaldıqlarını bildiriblər. Onlar bu təşəbbüsü alqışlayaraq, mütəmadi keçirilməsini faydalı hesab ediblər.
Qazax-Tovuz Regional Təhsil İdarəsində hər həftə keçirilən vətəndaş qəbulu günləri idarə ilə ictimaiyyət arasında körpü rolunu oynayır və vətəndaşların problemlərinin birbaşa həllinə imkan yaradır. Bu yanaşma idarəetmədə məsuliyyət, operativlik və şəffaflığın təmin olunmasına xidmət edir.
Media nümayəndələri olaraq biz də Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə və bütün əməkdaşlarına göstərilən diqqət və vətəndaş yönümlü fəaliyyətə görə təşəkkürümüzü bildiririk.