“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri təltif olunub – şagirdlərin uğuru böyük maraq doğurub
IX–XI sinif şagirdləri arasında keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırma mərasimi yüksək səviyyədə təşkil olunub.
Müsabiqənin əsas məqsədi şagirdlərdə tədqiqat aparmaq bacarığının gücləndirilməsi, yaradıcı düşüncənin inkişaf etdirilməsi, eləcə də Ulu öndər Heydər Əliyevin zəngin irsinin gənc nəslə daha dərindən aşılanması olub. Təhsilalanlar müxtəlif mövzularda hazırladıqları təqdimatlarla həm biliklərini, həm də bacarıqlarını nümayiş etdiriblər.
Qazax–Tovuz Regional Təhsil İdarəsi üzrə keçirilən müsabiqədə iştirak edən şagirdlərin çıxışları münsiflər heyəti tərəfindən maraqla qarşılanıb. Qiymətləndirmə nəticələrinə əsasən Gədəbəy rayonu Arzu Qasımov adına Alnabat kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Günəş Miriyeva yüksək nəticə göstərərək I yerə layiq görülüb.
Eyni zamanda Tovuz rayonu Məharət Məmmədov adına Qovlar şəhər humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi İbrahim Teyyubzadə də uğurlu təqdimatı ilə seçilərək II yerin qalibi olub.
Qaliblərin çıxışları həm mövzulara yaradıcı yanaşma, həm də məlumatların düzgün və aydın şəkildə təqdim olunması baxımından xüsusi diqqət çəkib. Mərasimdə iştirak edən təhsil nümayəndələri gənclərin bu cür müsabiqələrdə fəal iştirakını yüksək qiymətləndirib və onların gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəklərinə inam ifadə ediblər.
Sonda qaliblər diplom və mükafatlarla təltif olunublar. Onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulanıb, belə müsabiqələrin gənclərin inkişafında mühüm rol oynadığı bir daha vurğulanıb.