Əmrah Həsənli hər iki tərəfi qınadı!

Əmrah Həsənli hər iki tərəfi qınadı!

Cari tədris ilinin ilk günü bütün şagirdlər və müəllimlər üçün sevindirici tarix olsa da, bunu bəhs edəcəyimiz təhsilverən haqqında deyə bilməyəcəyik. Söhbət İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquluyeva və onun “Tiktok” videosundan gedir.

Belə ki artıq həyatımızın bütün sahələrinə sirayət edən “Tiktok”da yeni dərs ilinə həsr olunmuş çoxsaylı videolara rast gəlinirdi. Bunlardan ən qalmaqallısı adıçəkilən müəllimin paylaşımı idi. İddia olunur ki, L.Nəcəfquluyeva hazır vəziyyətdə olan yeni məktəb binasının açılışının yubanmasına etiraz edir və dərsini məktəbin həyətində, açıq havada keçir. Bu zaman icra nümayəndəsi müəllimi şagirdlərin gözü qarşısında tənqid edir, yeni tikilən və ya təmir edilən onlarla məktəb olduğunu, onların hamısının bir gündə açılmasının mümkünsüzlüyünü, bu məktəb binasının isə iki gündən sonra açılacağını bildirib.

Leyla Nəcəfquluyevanın işdən uzaqlaşdırılması ilə nəticələnən bu hadisəyə təhsil eksperti Əmrah Həsənli münasibət bildirib.

- Əmrah bəy, bu olayda sizin mövqeyiniz maraqlıdır, fikrinizcə, baş verən bu hadisədə hansı tərəf qınaq obyektinə çevrilməlidir?

- İlk olaraq qeyd etmək istəyirəm ki, cari dərs ili respublikamızın təhsil sistemi üçün olduqca mühüm bir ildir. Bu il ilk dəfə olaraq Qarabağ Universitetinə qəbul həyata keçirilmiş, azad olunan doğma torpaqlarımızda təhsil sisteminin təməli qoyulmuşdur. Hesab edirəm ki, belə bir vaxtda məktəb mühitində bu cür hadisənin yaşanması arzuolunmaz və yolverilməzdir. O ki qaldı tərəflərdən kimin haqlı olub-olmamasına, biz hər iki tərəfi qınayırıq. İlk növbədə, müəllim şagirdlərə aqressiv yanaşma sərgiləməməli, əksinə, onlarda vətənpərtvərlik ruhunu ən yüksək səviyyədə aşılamalıdır. Nəzərə alsaq ki, hadisənin cərəyan etdiyi sinif ibtidai sinifdir, yəni azyaşlıların təhsil aldığı sinifdir, müəllimin qərəzli münasibətini dərsə yansıtması və təhsil alanları buna alət etməsi qətiyyən düzgün deyil. Digər tərəfdən icra nümayəndəsini də qınayırıq. İcra məmuru hər hansı hadisəyə reaksiya göstərməzdən öncə tutduğu vəzifəni, təmsil etdiyi qurumun imicini nəzərə almalıdır. İcra nümayəndəsinin şagirdlərin qarşısında müəllimlə belə davranması təəssüf doğurur. Heç bir halda təhsilverən bu cür hərəkətə layiq deyildir.

- Müəllimin bu və digər məsələyə etirazını onu ictimailəşdirməsi nə dərəcədə doğrudur?

- Ümumiyyətlə, müəllimin mövcud olan hər hansı problemə yanaşma tərzi düzgün deyil. Onun hərəkəti, kobud danışıq tərzi, icra nümayəndəsi ilə şagirdlərin önündə mübahisə etməsi təhsilverənlərin etik davranış qaydalarına ziddir.

Oxşar xəbərlər