Kristal TV xəbər verir ki, Şəmkirdə fəaliyyət göstərən Şəmkir şəhər 8 nömrəli körpələr evi–uşaq bağçasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində geniş yaşıllaşdırma aksiyası təşkil olunub. Bağçalararası əməkdaşlıq çərçivəsində keçirilən tədbir böyük maraq və yüksək əhval-ruhiyyə ilə yadda qalıb.
Aksiya zamanı balaca fidanlar müəllim və tərbiyəçilərin dəstəyi ilə müxtəlif növ gül və dekorativ bitkilər əkiblər. Uşaqlar böyük həvəslə yaşıllaşdırma prosesində iştirak edərək ətraf mühitin qorunmasına, təbiətin zənginləşdirilməsinə və ekoloji dəyərlərin təbliğinə öz kiçik, lakin dəyərli töhfələrini veriblər.
Tədbir çərçivəsində uşaqlara ağac və bitkilərin insan həyatı üçün əhəmiyyəti, yaşıllıqların qorunmasının vacibliyi, təmiz ətraf mühitin sağlam gələcəyin əsas şərtlərindən biri olduğu barədə məlumatlar verilib. Balacalar təbiətə qayğının yalnız bir günlük aksiya deyil, gündəlik həyat tərzi olmasının vacibliyini öyrəniblər.
Qeyd olunub ki, tədbirin əsas məqsədi uşaqlarda erkən yaşlardan etibarən təbiətə sevgi hissinin formalaşdırılması, ekoloji maarifləndirmənin gücləndirilməsi, onların ətraf mühitə qarşı məsuliyyətli yanaşmasının inkişaf etdirilməsi və sağlam mühitə qayğı vərdişlərinin aşılanmasıdır.
Bağçada təşkil olunan tədbir həm uşaqlar, həm də pedaqoji kollektiv tərəfindən böyük maraqla qarşılanıb. Müəllimlər bildiriblər ki, belə təşəbbüslər uşaqların həm dünyagörüşünün genişlənməsinə, həm də onların sosial və mənəvi inkişafına müsbət təsir göstərir. Balacaların yaşıllaşdırma prosesində fəal iştirakı onların kollektiv fəaliyyətdə daha məsuliyyətli və aktiv olmalarına da töhfə verir.
Eyni zamanda vurğulanıb ki, Şəmkir şəhər 8 nömrəli körpələr evi–uşaq bağçasında bu kimi maarifləndirici və ekoloji yönümlü təşəbbüslər davamlı xarakter daşıyır. Müəssisədə uşaqların sağlam, vətənpərvər, təbiətsevər və milli-mənəvi dəyərlərə bağlı fərdlər kimi yetişməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihə və tədbirlər həyata keçirilir.
Keçirilən yaşıllaşdırma aksiyası bir daha göstərdi ki, məktəbəqədər təhsil müəssisələrində ekoloji tərbiyənin formalaşdırılması gələcək nəsillərin təbiətə daha həssas və məsuliyyətli yanaşmasına mühüm zəmin yaradır.