Kristal TV xəbər verir ki, R. İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “şahmat ” yarışı təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların məntiqi düşüncə qabiliyyətinin inkişaf etdirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və milli-mənəvi dəyərlərə bağlılığın daha da gücləndirilməsi olub.
Yarış zamanı şagirdlər yüksək fəallıq nümayiş etdirərək öz bilik, bacarıq və çevik düşünmə qabiliyyətlərini ortaya qoyublar. İştirakçılar arasında dostluq, qarşılıqlı hörmət və sağlam rəqabət prinsipləri qorunub saxlanılıb. Tədbir məktəb kollektivinin təşkilatçılığı ilə yüksək səviyyədə keçirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qalib olan şagirdlər müəyyən edilərək I, II və III yerlərə layiq görülüblər. Qaliblər məktəb rəhbərliyi tərəfindən “Tərifnamə” ilə təltif edilərək onların uğurları yüksək qiymətləndirilib. Bu cür təşviqedici tədbirlər şagirdlərin gələcək nailiyyətlərə motivasiyasının artırılmasında mühüm rol oynayır.
Qeyd edək ki, məktəb son 3 ayda həm pedaqoji sahədə, həm də müxtəlif intellektual və idman yarışlarında qazandığı uğurlarla diqqət mərkəzindədir. Təhsil müəssisəsində şagirdlərin hərtərəfli inkişafı üçün yaradılan şərait onların yeni nailiyyətlər əldə etməsinə geniş imkanlar yaradır. Məktəbin uğurları valideynlər və ictimaiyyət tərəfindən də böyük rəğbət və məmnunluqla qarşılanır.
Belə tədbirlərin davamlı şəkildə təşkili şagirdlərin həm intellektual inkişafına, həm də sosial bacarıqlarının formalaşmasına mühüm töhfə verir.