Qazax–Tovuz Regional STEAM müsabiqəsinin final mərhələsi keçirilib

Qazax–Tovuz Regional STEAM müsabiqəsinin final mərhələsi keçirilib

6 may 2026-cı il tarixində Qazax–Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyev-in anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Qazax–Tovuz Regional STEAM müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqədə regionun 5 rayonu üzrə ümumilikdə 74 komanda iştirak edərək müxtəlif istiqamətlər üzrə hazırladıqları layihələrlə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Şagirdlər innovativ yanaşmaları, texnoloji həlləri və yaradıcı düşüncə qabiliyyətlərini təqdim etdikləri layihələrdə əks etdiriblər.

Tədbir yarışdan əvvəl şagirdlərin təqdim etdiyi bədii yaradıcılıq nümunələri ilə başlayıb. İştirakçılar müxtəlif çıxışlarla öz istedadlarını nümayiş etdirdikdən sonra müsabiqənin əsas mərhələsinə start verilib.

Final mərhələsində bir sıra dövlət qurumlarının və təşkilatların nümayəndələri iştirak ediblər. Onların sırasında Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdiri Elşən Şirinov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Qazax–Tovuz Regional İdarəsinin rəhbəri Toğrul Vəliyev, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon komitə sədrləri və digər rəsmi şəxslər yer alıblar.

Müsabiqə çərçivəsində komandaların layihələri münsiflər heyəti tərəfindən ətraflı şəkildə qiymətləndirilib. Qiymətləndirmə zamanı iştirakçıların təqdimat bacarıqları, layihələrin innovativliyi, praktiki əhəmiyyəti və tətbiq imkanları əsas meyar kimi nəzərə alınıb.

Yekunda ən yüksək nəticə göstərən komandalar müəyyən olunaraq müxtəlif dərəcəli diplomlar və mükafatlarla təltif ediliblər. Müsabiqə regionda STEAM təhsilinin inkişafına, şagirdlər arasında elmi-texniki biliklərin artırılmasına və yaradıcı potensialın üzə çıxarılmasına mühüm töhfə kimi dəyərləndirilib.

Oxşar xəbərlər