Azərbaycan təhsil sisteminin inkişafında müəllimlərin rolu hər zaman xüsusi əhəmiyyət daşıyıb. Cəmiyyətin formalaşmasında, gənc nəslin dünyagörüşünün genişlənməsində və milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında müəllim əməyinin əvəzsiz olduğu danılmaz həqiqətdir. Bu baxımdan, uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olan Abbasova Amalya Nazim qızı öz zəhməti, peşəkarlığı və insanpərvərliyi ilə seçilən nümunəvi müəllimlərdən biridir.
1987-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olan Amalya Abbasova hələ gənc yaşlarından elmə və biliyə böyük maraq göstərib. 2005-ci ildə Gəncə Dövlət Universitetinin “Riyaziyyat və informatika” ixtisasına qəbul olunması onun gələcək həyat yolunun əsas istiqamətini müəyyənləşdirib. 2010-cu ildə ali təhsilini uğurla başa vurduqdan sonra təyinatla Tovuz rayonunun Quşçu Qaralar kənd ümumi orta təhsil məktəbində pedaqoji fəaliyyətə başlaması isə onun müəllimlik missiyasına ilk addımı olub.
Amalya müəllimə fəaliyyətə başladığı ilk gündən etibarən şagirdlərə yalnız bilik ötürməklə kifayətlənməyib, onların şəxsiyyət kimi formalaşmasına, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinə xüsusi diqqət yetirib. Onun dərsləri daim interaktivliyi, yenilikçiliyi və şagirdyönümlü yanaşması ilə seçilib. Bu xüsusiyyətlər qısa zamanda həm şagirdlərin, həm də valideynlərin rəğbətini qazanmasına səbəb olub.
2014-cü ildən Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində informatika müəllimi kimi fəaliyyətini davam etdirən Amalya Abbasova müasir dövrün tələblərinə uyğun olaraq şagirdlərin texnoloji biliklərinin inkişafına xüsusi önəm verib. İnformasiya-kommunikasiya texnologiyalarının tədrisdə tətbiqi, innovativ üsullardan istifadə və yaradıcı yanaşma onun müəllimlik fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Şagirdləri müxtəlif müsabiqələrdə, layihələrdə fəal iştirak edərək uğurlar qazanıb, bu da müəllimənin peşəkarlığının bariz göstəricisinə çevrilib.
Amalya müəllimənin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun şagirdlərə göstərdiyi qayğı və diqqətdir. O, hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara yanaşır, onların potensialını üzə çıxarmağa çalışır. Bu səbəbdən də şagirdlər tərəfindən yalnız müəllim kimi deyil, həm də etibarlı bir məsləhətçi və dəstəkçi kimi qəbul olunur. Valideynlər də onun məsuliyyətli və səmimi münasibətini yüksək qiymətləndirir, övladlarının etibarlı əllərdə olduğunu vurğulayırlar.
2022-ci ildə direktorların işə qəbulu imtahanında uğurla iştirak edən Amalya Abbasova həm test, həm də müsahibə mərhələlərini müvəffəqiyyətlə keçərək Tovuz rayonunun Səfərli kənd tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin olunub. Onun rəhbərlik etdiyi dövrdə məktəbdə idarəetmə sisteminin təkmilləşdirilməsi, sağlam təlim mühitinin yaradılması və müəllim-şagird münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Kollektiv daxilində qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin formalaşdırılması onun idarəçilik bacarığının əsas göstəricilərindən biri olub.
Amalya xanım işlədiyi bütün dövrlərdə həm kollektiv, həm də şagird və valideynlər tərəfindən seçilən, hörmət və rəğbət qazanan pedaqoqlardan biri kimi tanınıb. Onun insanlarla ünsiyyət qurmaq bacarığı, ədalətli yanaşması və səmimiliyi kollektivdə sağlam mühitin yaranmasına böyük töhfə verib. Müəllim yoldaşları onu hər zaman dəstək verən, yeniliklərə açıq və təşəbbüskar bir rəhbər və həmkar kimi dəyərləndiriblər.
Hazırda isə F. Hüseynov adına Qaraxanlı kənd tam orta ümumtəhsil məktəbində məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsində fəaliyyətini davam etdirən Amalya Abbasova şagirdlərin sosial fəallığının artırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması və yaradıcı potensiallarının inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Onun təşəbbüsü ilə təşkil olunan tədbirlər, maarifləndirici proqramlar və sosial layihələr şagirdlərin dünyagörüşünün genişlənməsinə mühüm təsir göstərir.
Amalya Abbasova Azərbaycan dövlətinin təhsil sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirir və bu imkanlardan səmərəli şəkildə yararlanmağa çalışır. O hesab edir ki, müəllimlər üçün yaradılan şərait onların daha məsuliyyətli çalışmasına, innovativ ideyalar irəli sürməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar açır.
Onun üçün müəllimlik sadəcə bir peşə deyil, həyat amalına çevrilmiş müqəddəs missiyadır. Elmə xidmət, gənc nəslin inkişafı və vətənə layiqli vətəndaşlar yetişdirmək Amalya müəllimənin fəaliyyətinin əsas prioritetləridir.
Bu gün Amalya Abbasova kimi fədakar müəllimlər Azərbaycan cəmiyyətində müəllim nüfuzunun yüksəlməsinə, təhsilin inkişafına və gələcəyin savadlı, vətənpərvər gənclərinin yetişməsinə böyük töhfə verirlər.
“Kristal TV” olaraq Amalya Abbasovaya bu şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulayır, həyata keçirdiyi və gələcəkdə reallaşdıracağı bütün layihələrdə davamlı nailiyyətlər diləyirik.