Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətdə uşaqların sağlam, savadlı və vətənpərvər ruhda yetişdirilməsi prioritet istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılır. Xüsusilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı, bağçalarda müasir tədris mühitinin formalaşdırılması, körpələrin təhlükəsiz və qayğıkeş şəraitdə böyüməsi istiqamətində mühüm işlər görülür. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin işində də özünü aydın şəkildə göstərir.
Tovuz rayonunun Kovlar şəhərində fəaliyyət göstərən 1 saylı körpələr evi–uşaq bağçasında yaradılan şərait, burada təşkil olunan təlim-tərbiyə prosesi və uşaqlara göstərilən xüsusi diqqət də bu qayğının bariz nümunələrindən biridir. Uzun illərdir fəaliyyət göstərən müəssisə bu gün də körpələrin sağlam, bilikli və hərtərəfli inkişaf etmiş vətəndaş kimi formalaşmasına öz töhfəsini verir.
1985-ci ildən fəaliyyət göstərən bağça hazırda 3 qrup üzrə fəaliyyətini davam etdirir və burada uşaqlar üçün rahat, təhlükəsiz və səmərəli mühit yaradılıb. Müəssisədə çalışan pedaqoji heyət körpələrin yaş xüsusiyyətlərini nəzərə alaraq onların həm əqli, həm fiziki, həm də mənəvi inkişafı istiqamətində müasir təlim metodlarından istifadə edir. Bağçada fəaliyyət göstərən təcrübəli tərbiyəçi-müəllimlər uşaqlarla xüsusi həssaslıq və sevgi ilə çalışaraq onların məktəb həyatına daha hazırlıqlı yetişmələrinə dəstək olurlar.
Müəssisədə uşaqların sağlamlığının qorunmasına da xüsusi diqqət ayrılır. Körpələrin gündəlik qidalanması sanitariya və gigiyena qaydalarına uyğun şəkildə təşkil olunur, onların sağlam və təbii qidalarla təmin edilməsinə nəzarət edilir. Bağçada fəaliyyət göstərən tibb işçisi uşaqların sağlamlığını daim diqqətdə saxlayır, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsini təmin edir. Eyni zamanda musiqi məşğələləri və müxtəlif yaradıcı fəaliyyətlər uşaqların estetik dünyagörüşünün formalaşmasına, onların bacarıqlarının inkişafına müsbət təsir göstərir.
Bağçada müxtəlif bayram və əlamətdar günlərlə bağlı təşkil olunan tədbirlər, səhnəciklər və musiqili proqramlar uşaqlar tərəfindən böyük maraqla qarşılanır. Körpələrin iştirak etdiyi bu tədbirlər onların özlərini sərbəst ifadə etməsinə, sosial bacarıqlarının inkişafına və kollektiv mühitə uyğunlaşmasına mühüm töhfə verir. Valideynlər də övladlarının bu cür fəal və qayğıkeş mühitdə böyüməsini yüksək qiymətləndirirlər.
Qeyd edək ki, müəssisəyə 2019-cu ildən rəhbərlik edən Məmmədova Aynurə Cavanşir qızının fəaliyyəti kollektiv və valideynlər tərəfindən rəğbətlə qarşılanır. Direktorun rəhbərliyi dövründə bağçada nizam-intizamın möhkəmləndiyi, uşaqlara göstərilən diqqət və qayğının daha da artırıldığı bildirilir. Valideynlər xüsusilə uşaqlarla fərdi yanaşmanın tətbiq olunmasını, bağçada yaradılan səmimi atmosferi və təhlükəsiz mühiti yüksək qiymətləndirirlər. Onların sözlərinə görə, Aynurə xanım valideynlərlə daim sıx ünsiyyətdə olur, onların müraciət və təkliflərinə həssas yanaşır, bağçanın fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində davamlı addımlar atır.
Valideynlər bildirirlər ki, uşaqlar bağçaya böyük həvəslə gəlir, burada həm öyrənir, həm də sevgi və qayğı ilə əhatə olunurlar. Bu isə valideyn məmnunluğunun əsas göstəricilərindən biri hesab olunur.
Müəssisənin fəaliyyətində Qazax–Tovuz Regional Təhsil İdarəsinin dəstəyi də xüsusi qeyd olunur. Təhsil sahəsində həyata keçirilən yeniliklər və verilən tövsiyələr bağçada tədris və tərbiyə prosesinin daha keyfiyyətli təşkilinə öz müsbət təsirini göstərir.
Bu gün Tovuz rayonu Kovlar şəhər 1 saylı körpələr evi–uşaq bağçasında yaradılmış sağlam və müasir mühit bir daha göstərir ki, ölkəmizdə uşaqların xoşbəxt gələcəyi, onların savadlı və layiqli vətəndaş kimi yetişməsi istiqamətində məqsədyönlü işlər uğurla davam etdirilir.