Hunanlar kənd tam orta ümumtəhsil məktəbində vətənpərvərlik, maarifləndirmə və təhsilin inkişafına xidmət edən silsilə tədbirlər keçirilib

Hunanlar kənd tam orta ümumtəhsil məktəbində vətənpərvərlik, maarifləndirmə və təhsilin inkişafına xidmət edən silsilə tədbirlər keçirilib

Kristal TV xəbər verir ki, Tovuz rayonunda fəaliyyət göstərən Hunanlar kənd tam orta ümumtəhsil məktəbində tədris və tərbiyə işlərinin keyfiyyətinin artırılması, şagirdlərin vətənpərvərlik ruhunda formalaşdırılması və onların psixoloji inkişafının dəstəklənməsi istiqamətində silsilə tədbirlər həyata keçirilib.

Belə ki, məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illik yubileyi münasibətilə geniş tədbir təşkil olunub. Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhsil siyasətinin inkişafı və gənclərin milli ruhda yetişdirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən danışılıb.

Çıxış edənlər qeyd ediblər ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənə bağlılıq hissinin gücləndirilməsi, dövlətçilik ənənələrinin təbliği və gənc nəslin Heydər Əliyev irsi barədə daha dolğun məlumat əldə etməsinə şərait yaratmaqdır. Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və onların milli-mənəvi dəyərlərə bağlılığının formalaşdırılmasına mühüm töhfə verib.

Məktəbdə həmçinin qarşıdan gələn “Son zəng” tədbiri ilə əlaqədar növbəti Pedaqoji Şura iclası keçirilib. İclas zamanı təlimata uyğun şəkildə “Son zəng” tədbirinin nümunəvi ssenarisi barədə pedaqoji kollektivə ətraflı məlumat verilib, tədbirin yüksək səviyyədə, təhlükəsizlik qaydalarına uyğun və nümunəvi formada təşkili ilə bağlı vacib məsələlər müzakirə olunub.

Məktəbin direktor əvəzi Teymur müəllim öz çıxışında bildirib ki, təhsil sahəsində əldə olunan bütün uğurlar dövlətin təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. O qeyd edib ki, son illər ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və şagirdlərin daha keyfiyyətli təhsil alması istiqamətində həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir.

Eyni zamanda, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəblərə göstərilən diqqət və dəstəyin tədris prosesinin daha səmərəli təşkilinə böyük töhfə verdiyi xüsusi vurğulanıb. Bildirilib ki, regional təhsil idarəsinin həyata keçirdiyi layihələr və maarifləndirici proqramlar məktəblərdə sağlam təhsil mühitinin formalaşmasına və şagirdlərin hərtərəfli inkişafına geniş imkanlar yaradır.

Bir neçə gün öncə isə məktəbin psixoloqu tərəfindən şagirdlərlə “Gəncliyin ilk baharı” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə mövzuya uyğun slayd və təqdimatlardan istifadə olunaraq yeniyetməlik dövrünün psixoloji və sosial xüsusiyyətləri barədə şagirdlərə geniş məlumat verilib. Psixoloq tərəfindən şagirdlərlə açıq fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və sağlam həyat tərzi, düzgün davranış və sosial münasibətlər barədə tövsiyələr verilib.

Qeyd olunub ki, məktəbdə keçirilən bu kimi maarifləndirici tədbirlər şagirdlərin həm psixoloji hazırlığının artırılmasına, həm də onların cəmiyyətə faydalı, sağlam düşüncəli və məsuliyyətli fərdlər kimi yetişməsinə xidmət edir.

Bütün bunlar bir daha göstərir ki, Hunanlar kənd tam orta ümumtəhsil məktəbində təhsil yalnız dərs prosesi ilə məhdudlaşmır, burada şagirdlərin vətənpərvər, savadlı və mənəvi dəyərlərə bağlı şəxsiyyət kimi formalaşmasına xüsusi önəm verilir.


Oxşar xəbərlər