Uşaq bağçasında bayram hazırlığı
Novruzun gəlişi ən çox azyaşlıları sevindirir. Buna görə Bahar bayramını çox vaxt uşaqların bayramı adlandırırlar. Tovuz rayon Abulbəyli kənd 2 saylı Körpələr evi-uşaq bağçasının uşaqları da bayram tədbirlərindəki çıxışlarına böyük həvəslə hazırlaşırlar. Körpələr evi-uşaq bağçasının müdiri Nərgiz Orucovanın sözlərinə görə, sözügedən şənliklərdə çıxışlara hazırlaşan uşaqlar yazın gəlişi, milli bayramımız olan Novruz bayramı və onun adətləri haqqında geniş məlumat əldə edirlər.
Çəkiliş apardığımız, 4 qrupdan ibarət olan körpələr evi-uşaq bağçası 75 yerlikdir. Onların təlim-tərbiyəsi ilə 6 tərbiyəçi-müəllim məşğul olur. Bundan başqa, müəssisədə 1 tibb bacısı və 1 musiqi rəhbəri də fəaliyyət göstərir.
Hazırda bağçada iki şəhid və iki qazi övladı təlim-tərbiyə alır. Bağçanın işçi heyyəti fidan balalarda milli ruhun formalaşmasına, vətənpərvərlik hissinin aşılanmasına xüsusi önəm verir. Nərgiz Orucova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun döyüş meydanında düşmənə layiqli cavab verdiyini vurğulayıb. Şəhid övladlarının xalqa, dövlətə əmanət olduğunu, sülh şəraitində yaşayırıqsa, bunu şəhidlərə borclu olduğumuzu xüsusi qeyd edib.
Qeyd edək ki, Tovuz rayon Abulbəyli kənd 2 saylı Körpələr evi-uşaq bağçası 2013-2014-cü illərdə müasir tələblərə cavab verən yeni binada fəaliyyətə başlayıb. Bölgədə heç bir uşaq bağçasında olmayan resepşn bölməsi fəaliyyət göstərir, bu xidmət qeydiyyat işlərinin komputerdə, müasir tələblərə uyğun şəkildə aparılmasına şərait yaradır.