Milli dəyərlərimizin təntənəsi: Şəmkirdə bağçada Novruz coşqusu və Od çərşənbəsinin işığında böyüyən fidanlar

Milli dəyərlərimizin təntənəsi: Şəmkirdə bağçada Novruz coşqusu və Od çərşənbəsinin işığında böyüyən fidanlar

Xalqımızın qədim və zəngin ənənələrini özündə yaşadan Novruz bayramı Şəmkir şəhər 3 saylı Körpələr Evi - Uşaq Bağçasındə böyük coşqu və sevinc hissi ilə qeyd olunub. Bayram tədbiri yüksək əhval-ruhiyyə, milli dəyərlərə bağlılıq və uşaqların səmimi çıxışları ilə yadda qalıb.
Tədbiri giriş sözü ilə açan bağçanın müdiri Günel Məmmədova fidan balaları, onların valideynlərini, pedaqoji kollektivi və dəvət olunmuş qonaqları səmimi qəlbdən təbrik edib. O, çıxışında Novruzun xalqımızın birlik, bərəkət və yenilənmə rəmzi olduğunu vurğulayaraq, uşaqların milli-mənəvi dəyərlər ruhunda böyüməsinin əhəmiyyətindən danışıb. Müdir öz işini böyük sevgi və məsuliyyətlə gördüyünü, körpələrin sağlam, vətənpərvər və savadlı böyüməsi üçün bütün kollektivlə birlikdə əzmlə çalışdıqlarını bildirib.
Bağçada dövlətimizin təhsilə və xüsusilə məktəbəqədər təhsilə göstərdiyi diqqət və qayğı aydın şəkildə hiss olunur. Müasir tədris şəraiti, təhlükəsizlik tədbirləri və yaradılmış komfortlu mühit balacaların hərtərəfli inkişafına xidmət edir. 150 yerlik müəssisədə 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olur. Təhlükəsizliyin təmin olunması məqsədilə quraşdırılmış müşahidə kameraları həm həyəti, həm də bütün otaqları nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlıların zövqünə uyğun, rəngarəng və müasir inventarla təchiz olunub ki, bu da onların rahatlığını və ilkin biliklərə yiyələnməsini təmin edir.
Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-bədii kompozisiyalar təqdim edilib. Novruza həsr olunmuş şeirlər səsləndirilib, mahnılar oxunub, milli rəqslər ifa olunub, maraqlı səhnəciklər göstərilib. Xüsusilə Od çərşənbəsi ilə bağlı hazırlanan kompozisiya tədbirə xüsusi rəng qatıb. Uşaqlar tonqal ətrafında birlik və həmrəylik rəmzi olan səhnəni canlandıraraq odun qədimdən bəri paklıq, işıq və yenilənmə simvolu olduğunu vurğulayıblar. Bu, balacaların milli adət-ənənələrimizi sevərək və anlayaraq mənimsədiklərini bir daha nümayiş etdirib.
Sonda bağça kollektivi məktəbəqədər təhsilə göstərilən diqqət və qayğıya görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə dərin təşəkkürünü bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Novruzun xoş ovqatı, sevinc dolu anları uzun müddət yaddaşlarda qalacaq.

Oxşar xəbərlər